Ana Sayfa > Özəl > COP29 konfransının Azərbaycanda keçirilməsi Cənab Prezident İlham Əliyevə olan etimadın sübutudur

COP29 konfransının Azərbaycanda keçirilməsi Cənab Prezident İlham Əliyevə olan etimadın sübutudur


Bu gün, 17:42. Yazar: sevinc1
COP29 konfransının Azərbaycanda keçirilməsi Cənab Prezident İlham Əliyevə olan etimadın sübutudur

“Yaşıl enerji”yə keçid istiqamətində mövcud potensial və praktiki tədbirlərlə Azərbaycan postneft dövrünün prioritet hədəflərinə çatacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayının 11-dən 25-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası dünya əhalisinin iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutduğuna görə bu qurumun katibliyi Bonn şəhərində yerləşir.
“Yaşıl enerji”yə keçid istiqamətində mövcud potensial və praktiki tədbirlər onu deməyə əsas verir ki, görülən işlər Azərbaycanı postneft dövrünün prioritet hədəflərinə çatdıracaq. Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.
Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.
Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası (MR) “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiallı “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çayı kimi çayların qollarında böyük hidroenerji imkanları mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait vardır.
İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2000 MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı da vardır.
Naxçıvan MR-də ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bu ərazidə “Yaşıl Enerji Zonası”nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.
“Yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. Bu, ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir.
“Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön