Ana Sayfa > Siyasət > "Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur"

"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur"


Bu gün, 15:55. Yazar: sevinc1
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur"

"Prezident İlham Əliyevin Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyində təcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən, əksinə işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir: "Cənab Prezident Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi qiymətləndirdi.

Düşünürəm ki, bu ifadə sözügedən ölkələrin, təkcə Azərbaycana deyil, hətta öz müttəfiqlərinə münasibətdə də sərgilədikləri davranışların iş üzünü açıb ortaya qoyur. Bu ölkələr üçün heç bir dəyər, heç bir ölçü vahidi, prinsip yoxdur. Onlar beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atdıqları kimi, elan etdikləri dəyərlərdən, imzaladıqları sənədlərdən çox asanlıqla imtina etməyi bacarır və bütün bunlardan sonra misli görünməmiş ikiüzlülüklə başqalarını ittiham edirlər. 30 ilə yaxın Azərbaycan xalqını və dövlətini işğalla barışdırmaq istəyənlər bunu bacarmadıqları, bütün səyləri boşa getdikləri üçün ölkəmizi sanksiyalarla təhdid edirlər. Elə bil Azərbaycan torpaqları işğal ediləndə ölkəmizə qarşı sanksiya tətbiq edən bunlar deyildilər. Elə bil Azərbaycan xalqı bunların iç üzünü, gerçək simalarını tanımır, Azərbaycan dövləti uzun illərdən bəri davam edən bu siyasi əxlaqsızlığın haradan qaynaqlandığını bilmir".

"İndi də Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Cənab Prezident bu çirkin müraciətin bizim iradəmizə təsir edə bilməyəcəyini bəyan etdi və şübhəsiz ki, öz torpaqlarını öz gücünə azad edən, haqqı uğrunda dünyanın bütün şər qüvvələri ilə savaşan bir liderin, dövlətin, xalqın iradəsinə kimsə təsir göstərə bilməz" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Geri dön