Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır”

Novruzəli Aslanov: “Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır”


Bu gün, 13:26. Yazar: sevinc1
Novruzəli Aslanov: “Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır”

“Bu gün Azərbaycan özünün işğaldan azad etdiyi bütün ərazilərində vüsətli yenidənqurma işləri aparmaqdadır. Böyük Qayıdış dövlət proqramına uyğun olaraq artıq həmin rayon və bölgələrimizə bir zamanlar öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımız geri qayıdır və bu ərazilərdə yenidən məskunlaşırlar. Dövlət başçımızın azad olunmuş ərazilərə mütəmadi səfərləri isə bu rayon və bölgələrdə aparılan işlərin xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir. Əlbəttə ki, belə səfərlər zamanı Ölkə Prezidentinin müxtəlif obyektlərin, yaşayış komplekslərinin təməlqoyma və açılış mərasimlərində iştirakı da böyük stimul rolunu oynayır. Məlum olduğu kimi dövlət başçımızın müvafiq Sərəncamına əsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Tədbirdə çıxış edən dövlətimizin başçısı Cəbrayılın azad olunmasının əhəmiyyətindən bəhs edib və bu faktı xüsusi olaraq diqqət mrkəzinə gətirib ki, İkinci Qarabağ müharibəsi dövründə məhz Cəbrayıl işğaldan azad edilmiş birinci şəhər olmuşdur.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat fikirlərini davam etdirərək Cəbrayılda və digər bölgələrdə görülən işlərin miqyasından və əhəmiyyətindən danışıb: “Müharibə başa çatdıqdan sonra digər ərazilərimiz kimi, Cəbrayılın da inkişafı ilə bağlı cənab Prezident tərəfindən dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İnfrastruktur layihələrinin icrasına başlamış və bu gün artıq Cəbrayıla səfər edən hər bir insan həm köhnə yolun yüksək səviyyədə yenidən qurulduğunu, həm də yeni dördzolaqlı magistral yolun uğurla inşa edildiyini görür. Bu yol Cəbrayıldan Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir. Dövlət başçımızın qeyd etdiyi kimi, həm Cəbrayılda, həm də digər azad olunmuş ərazilərdə bir çox infrastruktur layihələrinin icrası uğurla, sürətlə həyata keçirilir. O cümlədən oktyabrın 3-də cənab Prezident İlham Əliyev Cəbrayılda yeni məktəbin açılışını edib. Dövlətimizin başçısı öz çıxışında vurğuladı ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Həqiqətən də dünyanın heç bir yerində indiyədək işğaldan, müharibələrdən əziyyət çəkmiş heç bir ölkə bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini aparmayıb. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərə alınıb. Eyni zamanda, bərpa olunan şəhər və kəndlərə qayıdacaq insanların məşğulluq məsələsi də diqqətə alınır. Oktyabrın 3-də cənab Prezident İlham Əliyevin Cəbrayılda beş yeni müəssisənin təməlini qoyması da bunu bir daha təsdiq edir. Həmin müəssisələrdə mindən çox insan çalışacağı nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu torpaqların əsil sahibləri əbədi qayıdıblar” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön