Ana Sayfa > Parlament > Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib4-10-2024, 18:10. Yazar: sevinc1 |
Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib. İclası açan komitə sədrinin müavini Günay Əfəndiyeva deputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib. Əvvəlcə, gündəliyin birinci məsələsi – Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdim olunub. Günay Əfəndiyeva diqqətə çatdırıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi nəzərdə tutulub. Sonra gündəlikdəki qanun layihələrini təqdim edən Günay Əfəndiyeva, qanun layihələrinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb. İclasın gündəliyində ikinci məsələ olan - “Turizm haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyən komitə sədrinin müavini təklif olunan dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, dəyişikliklər ölkəmizdə turizm sahəsində aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq. Gündəliyin üçüncü məsələsi ilə bağlı danışan komitə sədrinin müavini bildirib ki, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsində nəzərdə tutulmuş əlavə və dəyişikliklər ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək. Qanun layihələrinin müzakirəsi zamanı çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, “Turizm haqqında” qanuna təklif olunan dəyişikliklər bu sahədə mövcud olan bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur. Gündəliyin üçüncü məsələsi haqqında danışan şöbə müdiri qeyd edib ki, layihə əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələrlə əvəz olunmasını nəzərdə tutur. Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədrinin müavini Günay Əfəndiyeva, komitə üzvləri Sahib Alıyev, Əlibala Məhərrəmzadə, Tənzilə Rüstəmxanlı, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Elnarə Akimova çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar qanunlara təklif olunan əlavə və dəyişikliklərin müvafiq sahələrdə qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər. İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Şahin Seyidzadə, Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər. Geri dön |