Ana Sayfa > Parlament > Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib4-10-2024, 17:57. Yazar: sevinc1 |
Oktyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib. İclası açan komitə sədri Anar İsgəndərov Yeddinci çağırış Milli Məclisə üzv seçilmələri münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb. Komitə sədri qeyd edib ki, iclasın gündəliyinə Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı və 1 qanun layihəsi daxil edilib. Anar İsgəndərov bildirib ki, qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi öz əksini tapıb. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universiteti ilə tanışlığı və ustad mühazirələrin oxunması da nəzərdə tutulur. İş planı təsdiqləndikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ci məsələsi olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. O, bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və əlilliyi olan şəxslərə qarşı mənfi təsəvvürlər yaradan ifadələrin mənfi təsəvvürlər yaratmayan ifadələrlə əvəz olunmasını özündə ehtiva edir. İclasda çıxış edən komitə sədrinin müavini Fariz İsmayılzadə, Elnarə Akimova, Bəxtiyar Əliyev, Əziz Ələkbərov, Pərvin Kərimzadə, Vasif Qafarov, Eldar Quliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Mehriban Vəliyeva, Fatma Yıldırım gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar. İclasın sonunda Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda komitə üzvləri Sevinc Fətəliyeva, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak edirdilər. Geri dön |