Ana Sayfa > Özəl > 27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl


4-10-2024, 17:36. Yazar: sevinc1
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 4-cü ildönümüdür. Məhz 4 il əvvəlki bu gündə rəşadətli Azərbaycan ordusu mürəkkəb əməliyyat planlarını yerinə yetirərək güclü istehkamları yardı, ağır döyüşlərdən sonra Cəbrayıl şəhərini düşməndən geri almağı bacardı. 4 oktyabr axşam saatlarında Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına verdiyi Cəbrayıl müjdəsi ümumxalq sevinci və coşqusu ilə qarşılandı. Bu, Suqovuşandan sonra Vətən müharibəsinin ilk böyük müjdəsi idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi -“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar”. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22774 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur! Yaxın gələcəkdə tamamlanacaq bütün infrastruktur və sənaye layihələri Cəbrayılın simasını tamamilə dəyişəcək. Cəbrayıl abad, zəngin, əsil sahiblərinin yaşadığı, işlədiyi gözəl bir diyara çevriləcək.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini



Geri dön