Ana Sayfa > Gündəm > Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur


3-10-2024, 11:43. Yazar: sevinc1
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Tale 1993 – cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istədi. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olundu.

Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80 – ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxladı, elm sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit fomalaşdırıldı. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz xidmətləri, eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapdı. Ulu öndər H.Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi.

Zaman sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.

Dahi rəhbər müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir. 1996-cı ildən uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir. Ümummilli liderin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994 – cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Eyni zamanda 1995- ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Bundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyıətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.

Ulu öndər özünün böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir. Bütün bunlarla yanaşı,xalqın milli mədəniyyətinin və mənəvi əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən addımlar hesabına bu sahədə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur.

H.Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Ulu öndər dünya azərbaycanlılarının lideri olduğundan onun Azərbaycana və azərbaycanlılara duyğulu arzusu diqqəti cəlb edir:

“Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin.”

Dahilər ölmürlər, onlar dünyasını dəyişirlər!

Təyyubə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam
orta məktəbin direktoru, Əməkdar müəlllim

Geri dön