Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Cəbrayıl əməliyyatı strateji əhəmiyyət kəsb etməklə müharibənin gedişinə həlledici təsir göstərmiş oldu”
Adəm İsmayıl Bakuvi: “Cəbrayıl əməliyyatı strateji əhəmiyyət kəsb etməklə müharibənin gedişinə həlledici təsir göstərmiş oldu”3-10-2024, 09:39. Yazar: sevinc1 |
“Məlum olduğu kimi, Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Həmçinin burada dəmir filizi, hətta neft yataqlarının olduğu da müəyyən edilib. Digər tərəfdən isə rayon ərazisində işğala qədər çox sayda mədəni-tarixi abidələr də mövcud olub. Bunlardan Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri xüsusi tarixi əhəmiyyət kəsb edirdi. Təəssüflər olsun ki, 1993-cü il avqustun 23-də Cəbrayıl Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra bütün bunlar rayonun 1 şəhər, 4 qəsəbə və 92 kəndi ilə birlikdə erməni qəsbkarlarının əlinə keçdi. Təbii sərvətlərimiz talan edildi, mədəni-tarixi abidələr isə erməni vandalları tərəfindən məhv edildi və ya dağıntılara məruz qoyuldu. Ümimilikdə işğal dövründə Cəbrayıl rayonu ərazisində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilər tərəfindən vəhşicəsinə dağıdıldı.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib. Daha sonra müsahibimiz Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişində əldə olunmuş ən əhəmiyyətli qələbələrdən biri olduğunu vurğulayaraq bunları deyib: “Məlum olduğu kimi, Cəbrayılın azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda ilk qələbəni şanlı Azərbaycan Ordusu hələ 2016-cı ilin Aprel döyüşlərində əldə etimişdi. Çünki, məhz Aprel döyüşləri zamanı hərbi birləşmələrimizin uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənimiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. 2020-ci ildə aparılmış Vətən müharibəsinin gedişində isə şanlı ordumuz tərəfindən Cəbrayılın 1 şəhəri və 80 kəndi işğaldan azad olundu. Müharibəsinin ilk günündə, sentyabrın 27-də cəbhəni yaran ordu hissələrimiz düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Məhz Cəbrayıl əməliyyatından sonra qısa zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Birmənalı olaraq deyə bilərik ki, Cəbrayıl əməliyyatı strateji əhəmiyyət kəsb etməklə müharibənin gedişinə həlledici təsir göstərmiş oldu.” Fikirlərini davam etdirən politoloq həmçinin bildirib ki, Azərbaycanın Vətən müharibəsinin gedişində əldə etdiyi Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən tədbirlər həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir: “Birmənalı olaraq demək lazımdır ki, ölkəizdə Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlət səviyyəsində görülən tədbirlər ilk növbədə gənc nəslin milli-vətənpərvər ruhda formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda da, Azərbaycan özünün Zəfər salnaməsini yazan qəhrəman oğul və qızlarına sonsuz ehtiramını məhz bu yolla nümayiş etdirmiş olur. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlət başçımızn 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Bütün bunlar Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda verdiyi qurbanları heç zaman unutmayacağını bir daha bütün dünyaya nümayiş etdirir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb. Geri dön |