Ana Sayfa > Özəl > Dahi şəxsiyyətin xilaskarlıq missiyası

Dahi şəxsiyyətin xilaskarlıq missiyası


Bu gün, 15:35. Yazar: sevinc1
Dahi şəxsiyyətin xilaskarlıq missiyası

Görkəmli siyasi və dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Heydər Əliyev hansı ictimai formasiya və siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, onun bütün fəaliyyətinin nüvəsini xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi təşkil etmişdir.
Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, atdığı addımlar 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyətin xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycan müstəqilliyini itirmək və bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vəziyyətdə xalq üzünü öz xilaskarına - Ümummilli Lider Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ölkəmizdə yeni dövrün başlanğıcı oldu. Ömrünü xalqına həsr edən dahi rəhbər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin müstəqillik qazandığı çox çətin və mürəkkəb illərə təsadüf edir. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin antimilli siyasəti nəticəsində Azərbaycanda xaos və anarxiya hökm sürməyə başladı.Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevə etibar etməsi oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atmışdır.2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyərək, ölkəmizin gələcək inkişaf yolunu aydın ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində, Ulu Öndərin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən dövr ərzində ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik formulası uğurla davam etdirilmiş, inkişafın möhkəm təməlini təşkil edən vətəndaş həmrəyliyi və ictimai-siyasi sabitlik qorunmuş və Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilmişdir.
Ulu Öndərin müqəddəs ruhu bu gün ona görə şaddır ki, Azərbaycan onun arzuladığı zirvələri fəth edir, taleyüklü məsələləri, planları, işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirir. Azərbaycan azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarını qarşılayır, Zəfər qurultayını keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımızı qurub-yaradır. Bu zəfərlərin memarı Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevdir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsini yazır!

Pərvanə Verdiyeva,
Gədəbəy şəhər 3 nömrəli məktəbin direktoru - fəal gənc

Geri dön