Ana Sayfa > Manşet / Siyasət / Özəl > A.İ.Bakuvi: “Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir”

A.İ.Bakuvi: “Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir”


2-10-2024, 10:54. Yazar: sevinc1
A.İ.Bakuvi: “Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir”

“1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Məhz həmin gün xalqımız taleyüklü seçim qarşısında olduğunu düzgün qiymətləndirərək, özünün xilaskar oğlu Heydər Əliyevi Ölkə Prezidenti seçdi və bununla da müasir müstəqil Azərbaycanın təməli qoyuldu. Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra respublikamızın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinə başlandı. Ümummilli Liderin atdığı məqsədyönlü və qətiyyətli addımlar sayəsində ilk növbədə, ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Sonrakı illərdə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Tarix göstərdi ki, əgər müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə dəvət olunsaydı, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməzdi.”

Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi aia.az-a verdiyi açıqlamasında ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan dövlətçiliyinin tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri vardır: “Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməklə Azərbaycan dövlətçiliyini süqut etməkdən, ölkəni parçalanmaqdan qoruya bilmiş, müasir müstəqil Azərbaycan dövlətini quraraq, gələcək nəsillərə özünün ən böyük irsi kimi əmanət etmişdir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraiti düzgün qiymətləndirir və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ulu Öndər beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və müdrik dövlət xadimi olduğunu təsdiq etmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, milli ideologiyanın yaradılması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.”

Daha sonra A.İ.Bakuvi Azərbaycanın bugünkü uğur və qələbələrinin də əsasında məhz Heydər Əliyev siyasi kursunun dayandığını diqqət mərkəzinə çəkərək bunları deyib: “Bu gün Azərbaycan iqtisadi və sosial rifah yolunda inamla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkədir. 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son 21 il ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin tam və qəti qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Keçən ilin sentyabr ayında, cəmi bir gün davam edən antiterror əməliyyatı isə ölkəmizin suverenliyinin tam bərpa olunmasını təmin etdi. 2023-cü il 20 sentyabr tarixində Azərbaycan xalqına müraciətlə çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Bütün bu uğur və qələbələr bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir və hər yeni gün yeni zirvələr fəth edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön