Ana Sayfa > Gündəm / Özəl / Təhsil > Gülər Sultanzadə: "Azərbaycan Texniki Universiteti (AzTU) tədrisdə keyfiyyətin zirvə ömrünü yaşayır"

Gülər Sultanzadə: "Azərbaycan Texniki Universiteti (AzTU) tədrisdə keyfiyyətin zirvə ömrünü yaşayır"


Bu gün, 11:08. Yazar: sevinc1
Gülər Sultanzadə: "Azərbaycan Texniki Universiteti (AzTU) tədrisdə keyfiyyətin zirvə ömrünü yaşayır"

Dinamik yüksəliş və uğur ömrü yaşayan Azərbaycanın təhsil inkişafı da ürəkaçandır, dünya təhsil sistemində öz yeri, çəkisi və nüfuzu var. Bu gün Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edir. Bu səbəbdən də Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün uğur qazanmaq, keyfiyyətli və hərtərəfli kadr hazırlamaq elə də çətin olmur. Ölkəmizin texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti də (AzTU) təhsil məkanında tarixiliyi, uğurları və hazırladığı kadrlarla seçilir, nümunəvi elm məbədi kimi xatırlanır.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Gülər Sultanzadə ilk olaraq təhsil müəssisəsinin tarixinə nəzər salıb və bildirib ki, AzTU 1950-ci ildə tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb. 1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərib. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet binasına köçüb. 1978-ci ildən etibarən AzTU-da keçmiş SSRİ-nin müxtəlif respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanılıb. 1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hazırda universitet maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə mütəxəssis və elmi kadrlar hazırlayır. Universitetin 7 tədris binası var. 2011, 2012 və 2013-cü illərdə AzTU-da əsaslı təmir-tikinti və abadlıq işləri həyata keçirilib. Təmir-bərpa işləri hazırda da davam etdirilir. Əvvəllər cəmi bir neçə kompüteri olan universitetə son illər minlərlə müasir kompüter alınıb, bütün dekanlıqlar, kafedralar, laboratoriyalar, şöbə və bölmələr zəruri cihaz və avadanlıqlarla təmin edilib. Metallurgiya və metalşünaslıq kafedrasında müasir "Metalloqrafiya və struktur analizi" laboratoriyası yaradılıb. Laboratoriya üçün Almanyanın "Buehler" firmasından kobud və incə kəsici qurğular, müasir optik mikroskop, müasir mikrobərklik ölçən, metalloqrafik şlifin hazırlanması üçün avtomat press, avtomatik pardaxlayıcı və cilalayıcı qurğular alınıb. Laboratoriyada yeni istifadəyə verilən metalloqrafik mikroskop və mikrobərklik ölçən qurğuların hər birinə ayrılıqda xüsusi kameralar qoşulub. Universitetin əksər kafedralarında interaktiv lövhə ilə təchiz olunmuş auditoriyalar vardır. Tədris prosesində  elektron vasitələrindən geniş istifadə edilir. Telekommunikasiya şəbəkələri və texnologiyaları kafedrasında ADSL texnologiyası ilə yüksək sürətli internetə qoşulmuş lokal kompüter şəbəkəsi bazasında hazırlanan ixtisaslar üzrə elektron tədris-metodik kompleksi yaradılıb. Bu kompleksə hər bir ixtisasa tədris olunan fənlər üzrə genişlənmiş proqram, əsas və əlavə ədəbiyyatların adları və URL-ünvanları, tədris-metodik kartaları, mühazirələrin mətnləri və prezentasiyaları, imtahan sualları və özünüyoxlama testləri, virtual laboratoriya işləri və onlara metodik göstərişlər daxil edilib. Bundan başqa, Avtomatika və idarəetmə kafedrasında  informasiya texnologiyalarına və kibernetikanın son nailiyyətlərinə əsaslanan zəngin laboratoriyalar yaradılıb və bu laboratoriyalar təyinatına görə bölünüb. Elmin, texnologiyanın  və texnikanın prioritet istiqamətləri üzrə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən biri də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi-"Elektron universitet"dir (EU). AzTU-da "Elektron universitet"  layihəsi  üzərində aktiv  tədqiqatlar  aparılır,  universitetin  hər  bir funksional bölməsi üzrə həmin bölməyə aid məsələləri avtomatlaşdırılmış rejimdə  həll  etmək imkanlarına  malik  alt-sistemlər  işlənir.  Funksional  alt-sistemlərin əlaqələndirilməsi  AzTU.edu.azindex  portalı vasitəsilə həyata keçirilir. Gəncləri xarici ölkələrin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri haqda məlumatlandırmaq üçün xüsusi internet portal yaradılıb və "Elektron AzTU"nun "Beynəlxalq əlaqələr" alt-sisteminin ayrıca modulu kimi fəaliyyət göstərir.  Bu portalda dünyanın inkişaf etmiş 26 ölkəsinin ali təhsil sistemləri və aparıcı ali məktəblərinin internet ünvanları ilə yanaşı, xaricdə təhsillə bağlı respublikamızda qəbul olunmuş qərar və hüquqi-normativ sənədlərin elektron kitabxanası hazırlanaraq yerləşdirilib. Sonuncu layihə ölkənin ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinə, onun informasiya təminatına həsr olunub. Bu məqsədlə "Qarabağ - Torpaq və insanlar" internet portalı hazırlanıb və portal Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
Gülər Sultanzadə onu da deyib ki, AzTU-nun SABAH qruplarında "Kompüter mühəndisliyi","İnformasiya texnologiyaları sistemləri" və "Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə təhsil alan tələbələrin sayı ildən-ilə artır. Bu qruplardakı tələbələrin hamısı akademik balı 61-dən yuxarı olanlardır. Müəllimlər də Təhsil Nazirliyində müsabiqədən keçərək seçilib. SABAH qrupları lazımi resurslarla tam təmin olunub. Onlar üçün resurs mərkəzi yaradılıb. Bu qruplar müxtəlif bilik yarışmalarında iştirak edir, tanınmış insanlarla görüşlər keçirirlər. Təbii ki, elmi nailiyyətin əsasında elmi-tədqiqat durur. Elmi-tədqiqat bölməsi AzTU-nun elmi-tədqiqat hissəsinin elmi-pedaqoji kadrların attestasiyasını, elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini və nəticələrinin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtibini, müzakirədən keçirilməsini, əməkdaşların elmi yaradıcılığını təşkil edən struktur bölməsidir. Bölmə öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarına, AzTU-nun Nizamnaməsinə, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş əsasnamələrə, Təhsil Nazirliyinin müvafiq əmrlərinə, Elmi Şuranın qərarlarına, rektorun əmrlərinə və öz əsasnaməsinə uyğun həyata keçirir. Universitetin elmi-tədqiqat işlərinin planına uyğun olaraq, Avtomatika və KT və Radiotexnika və rabitə fakültələrinin kafedralarında, həmçinin, "Nəqliyyatın və texnoloji proseslərin idarə olunmasının müasir problemləri", "Kompüter şəbəkələrinin və informasiya texnologiyalarının problemləri",  "Mexaniki sistemlərdə avtomatlaşdırma və idarəetmə" elmi-tədqiqat laboratoriyalarında bilavasitə İKT sahəsində -"Texniki sistemlərdə idarəetmə və informatika, avtomatlaşdırılmış idarəetmə sistemləri", "Radiotexniki qurğuların analizi və optimal sintezinin yeni üsullarının işlənməsi", "Azərbaycanda yeni texnologiyalar bazasında telekommunikasiya infrastrukturunun təşkilinin elmi-texniki əsasları" istiqamətləri üzrə bəs qədər mövzuda elmi-tədqiqat işləri yerinə yetirilib. TEMPUS proqramı çərçivəsində 2001-ci ildən başlayaraq Azərbaycan Texniki  Universiteti Avropanın bir sıra universitetləri ilə birgə yeni layihələr yerinə yetirib deyə-Gülər Sultanzadə söhbətini yekunlaşdırıb.
Geri dön