Ana Sayfa > Siyasət > AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİ DÜNYADA ÖZÜNÜ TƏSDİQLƏYİB

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİ DÜNYADA ÖZÜNÜ TƏSDİQLƏYİB


28-09-2024, 10:04. Yazar: sevinc1
AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİ DÜNYADA ÖZÜNÜ TƏSDİQLƏYİB

Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev hələ bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın uğurları fonunda qarşıdakı dövrün əsas vəzifələrini açıqlayarkən bu fikri xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.
Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Bu günlərdə imzalanmasının 30 iliyini qeyd etdiyimiz «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurların aydın ifadəsini məhz hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın görmək mümkündür. Öncə iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi, sonra əldə olunan gəlirlər təyinatı üzrə xərclənərək qeyri-neft sektorunun inkişafına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldildi. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir. Bunun üçün tarixi Zəfərimizdən ötən 4 ildə azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa işlərinə diqət yetirmək kifayətdir.
Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Dövlət başçısının qeyd etdiyi kimi, Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələr icra edilsin: «Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.» Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön