Ana Sayfa > Siyasət > 3 oktyabr 1993-cü il – Qurtuluşa gedən yolun başlanğıcı
3 oktyabr 1993-cü il – Qurtuluşa gedən yolun başlanğıcı27-09-2024, 18:00. Yazar: sevinc1 |
Azərbaycan dövlətinin tarixində ən önəmli hadisələr sırasında 3 oktyabr 1993-cü il xüsusi yer tutur. Məhz həmin gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdı. Dövlət Başçısı İlham Əliyev həmin tarixi hadisəni xatırlayaraq demişdir ki, “müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”. Ulu Öndər andiçmə mərasimindəki nitqində qeyd etmişdir ki, “bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ümummilli Lider Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və iqtisadi-siyasi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə surətlənmişdir. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində genişmiqyaslı işlər aparılmış, qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, sosial-iqtisadi inkişafın təməlini təşkil edən ictimai-siyasi sabitlik bərqərar olunmuşdur. Ulu Öndər müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin suverenliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az işlər görülmüşdür. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz Böyük Zəfərin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasının təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Ümummilli Liderin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik”. Xalqın sonsuz məhəbbətini qazanmış Ulu Öndər tarixi yaddaşlarda qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycanın taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər sırasında Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır və o öz xilaskarlıq missiyasını parlaq şəkildə yerinə yetirmişdir. Ulu Öndərin inkişaf və yenidənqurma strateqiyasını möhtəşəm formada həyata kecirən Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq miqyasda ən ciddi söz sahibinə cevrilmışdir. Müasir şəraitdə Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyası kursla irəliləyir və burada bir daha Ulu Öndərin sözləri yada düşür: ”İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutumuşdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Nizami Səfərov, Milli Məclisin deputatı Geri dön |