Ana Sayfa > Siyasət > Qələbə salnaməsinin ilk günü
Qələbə salnaməsinin ilk günü27-09-2024, 15:47. Yazar: sevinc1 |
Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edib. Rəsmi İrəvanın Azərbaycana qarşı uzun illər ərzində apardığı düşmənçilik siyasətinə cavab verilməli idi. Məhz 2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı başladığı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Qısa müddətdə işğal altında olan şəhər, qəsəbə və kəndlərimiz düşmən işğalından azad olunmağa başladı. Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı rayonlarının çox böyük hissəsi, eləcə də bu rayon mərkəzlərinin işğaldan azad edilməsi təcavüzkar erməniləri daha böyük cinayətlərər əl atmağa vadar etdi. Cəbhə bölgəsindən xeyli uzaqda olan Bərdə, Mingəçevir, Gəncə şəhərləri, paytaxt Bakı, eləcə də Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəməri beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş raketlərlə hədəf götürüldü. Şanlı ordumuzun qəhrəman əsgər və zabitlərinin şücaəti nəticəsində düşmən istəyinə çatmadı. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respubliaksının Prezidenti möhtərəm İlham Əliyev cənabları 2020-ci il dekabrın 2-də hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Gününü kimi qeyd edilməsi haqqında Sərəncam imzaladı. Bu gün həmin tarixdən dörd il keçir. İkinci Qarabağ müharibəsində 3000-ə yaxın həmvətənimiz şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil müəssisələrində öyrənilir. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı. Şuşanın erməni daşnaklarından azad edilməsi hərb tarixində yeni səhifədir. Bu səhifə hələ uzun illər öyrəniləcək. Müharibədə Ermənistan ordusunun 200-dən artıq tankının məhv edilməsi hərbi ekspertlər tərəfindən artıq tankların dövrünün sonunun çatması ilə bağlı müzakirələrə səbəb olub. Əlbəttə, Azərbaycanın 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməsi və düşmən üzərində tarixi zəfər qazanmasında ordumuzun hərbi qüdrəti və müasir silah-sursatla təchiz olunması ilə yanaşı, xalqımızın həmrəyliyi, vətəndaşların “Dəmir Yumruq” ətrafında birləşməsi müstəsna rola malikdir. Birlik və həmrəyliyimiz, hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əsas qayəsini təşkil edir. Nəticədə dünyanın hərb tarixinə düşən Vətən müharibəsi ilə regionun taleyində yeni bir səhifə açıldı. Bununla da ordumuz Ali Baş Komandanımız İlham Əliyev cənablarının dediyi kimi “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur.” Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğuru Ali Baş Komandan masa üzərində gerçəkləşdirdi. Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan erməni daşnaklarından azad edilməklə haqq işinin yerinə yetirildiyini, BMT-nin illərdir kağız üzərində qalan tələblər yerinə yetirilmiş oldu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindəki qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi partladı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu terror aktları lokal xarakterli antiterror tədbirlərin görülməsini qaçılmaz etdi. Çox qısa müddət ərzində antiterror tədbirləri başa çatdırıldı. Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərirlər. İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri Geri dön |