Ana Sayfa > Özəl > Şəhidlərimizi ehtiramla anırıq

Şəhidlərimizi ehtiramla anırıq


Bu gün, 12:47. Yazar: sevinc1
Şəhidlərimizi ehtiramla anırıq

XIX əsrin əvvəllərində Rusiya-İran müharibələrinin nəticəsi olaraq Rus imperiyasının Azərbaycan torpaqlarında yaratdığı qondarma erməni dövləti mövcud olduğu bütün dövrlərdə xalqımıza qarşı düşmənçilik və soyqırımı siyasəti aparıb. Bu siyasət 200 ildən artıq davam etmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması həm çar Rusiyası, həm də sovet dövründə mütəmadi olaraq həyata keçirilib. Sonuncu dəfə 1988-ci ildə daha 250 min azərbaycanlı tarixən yaşadığı doğma yurd-yuvalarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.
Son 30 ilin təcrübəsi də birmənalı olaraq göstərdi ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası bütün bu illər ərzində təmin olunmadı.
Məhz bu baxımdan 2020-ci il sentyabr ayının 27-si sadəcə Azərbaycanın deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni və parlaq bir səhifənin açılmasına səbəb olan gündür. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Şanlı Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən işğalçı erməni ordusu döyüş meydanında hərbi texnikasını qoyaraq qaçdı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Qədim Azərbaycan şəhəri Şuşa ordumuz tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur.
Ermənistan həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində çox sayda hərbi cinayətlər törədib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, biz şəhidlərimizin qanını yerdə qoymayacağıq. Dövlət başçımızın bu kəlmələri Vətən müharibəsinin gedişində reallaşdı. Azərbaycan Ordusu şəhidlərimizin qanını düşməndən aldı və bunu döyüş meydanında etdi. Azərbaycan Ordusu XXI əsrin ən yeni döyüş taktikasını dünyaya təqdim etdi. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və dünyanın bir çox aparıcı ölkələrində ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Əlbəttə ki, tarixi Qələbənin əldə olunmasında ən vacib amil ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 20 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilanın sədr müavini.

Geri dön