Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan / Seçilənlər-9 / Manşet > Əziz Ələkbərli: “Hər şəhidin həyatı bir qəhrəmanlıq dastanıdır”

Əziz Ələkbərli: “Hər şəhidin həyatı bir qəhrəmanlıq dastanıdır”


27-09-2024, 09:35. Yazar: sevinc1
Əziz Ələkbərli: “Hər şəhidin həyatı bir qəhrəmanlıq dastanıdır”

“Bu gün 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident İlham Əliyev 27 sentyabr –Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə sayğı və sevgisini əsirgəməyən xalqımız onların xatirəsini əziz tutur və bu ehtiram, xalqımız var olduğu müddətcə-əbədi var olacaqdır.
Məlumdur ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
44 gün davam edən İkinci Qarabağ Müharibəsində şanlı ordumuz özünün müdrik Ali Baş Komandanının rəhbərliyi ilə tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.”

Bu fikirləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz qeyd etmişdir ki, “Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.”
Əziz Ələkbərli bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi qələbədən sonra xalqa Müraciətində demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Əziz Ələkbərli sonda qeyd edib ki, “müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəman övladı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”





Geri dön