Ana Sayfa > Siyasət > Qələbələrimizə görə şəhidlərimizə borcluyuq

Qələbələrimizə görə şəhidlərimizə borcluyuq


26-09-2024, 17:26. Yazar: sevinc1
Qələbələrimizə görə şəhidlərimizə borcluyuq

27 sentyabr Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ Müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. Həmin gün doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 sentyabr Vətən müharibəsində əldə olunan qələbələrə aparan yolda ilk addımın atıldığı gündür. Azərbaycan ordusu noyabrın 9-na qədər 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi və torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarəti ortaya qoydu, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi. Dəyişdirilmiş toponimlərə doğma, əsl adlarını yenidən qazandırdı. Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Təəssüf ona görə ki, müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir. Amma rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmadı. Çünki Azərbaycan bu döyüşlər zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirmişdi. Amma onlar Azərbaycana qarşı diversiyalarını davam etdirdi, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdi. 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı. Buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu var idimi? Yox idi. Üstəlik, təəssüf doğuran o idi ki, rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri zaman-zaman ortada olduğu halda, dünya monoetnik dövlətə çevrilmək siyasəti ilə hərəkət edən Ermənistanın Azərbycanın iqtisadiyyatına, mədəni irsinə vurduğu miqyasagəlməz zərəri, 150 minə yaxın azərbaycanlının deportasiyasını, 300 minə yaxın insanı öz yurd-yuvalarından didərgin salmasını, şəhərləri, kəndləri dağıtmasını, günahsız insanları qətlə yetirməsini görmürdü. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirdi. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. “Demokratik” dünya öz qəti qərarları, təsirli addımları ilə bu qara ləkəni təmizləməliykən, yalnız quru bəyanatlarla kifayətləndi.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə, erməni faşizminə son qoyuldu. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Geri dön