Ana Sayfa > Siyasət > Azərbaycan suveren dövlət kimi regionda söz sahibidir
Azərbaycan suveren dövlət kimi regionda söz sahibidir24-09-2024, 11:20. Yazar: sevinc1 |
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejim iflasa uğradı. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarında qanunsuz şəkildə lövbər salmış ermənilər diz çökdürüldü, separatçıların "liderləri" həbs olundular. Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. 2024-cü il sentyabrın 19-da antiterror əməliyyatının birinci ildönümündə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 20 sentyabr Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Prezident İlham Əliyev bu günlə bağlı bildirdi ki: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü təmin etdi. Ordumuzun qələbəsi münasibətilə xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Ölkədə həyata keçirilən iqtisadi, siyasi islahatlar, demokratik institutların möhkəmləndirilməsi, xarici əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq ölkəmizə olan inam və etimadı gücləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi. Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Türk dünyası, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa, ABŞ-la geniş əlaqələr qurub. Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Azərbaycan region hüdudlarından kənara çıxan və artıq "orta güc" kateqoriyasında olan ölkədir. Bu kimi ölkələr sırasına BƏƏ, İsrail kimi dövlətlər də daxildir. İndi Azərbaycanla təzyiq, təhdid dili ilə danışmaq mümkün deyil. Biz bunu son iki ildə Bakının yürütdüyü xarici siyasətdən də görürük. Azərbaycan qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkədir. Qarşıdakı illərdə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu daha da artacaq. Aparılan islahatlar, irəli sürülən təşəbbüslər bunu deməyə əsas verir. Təkcə COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin regiondakı nüfuzunu və gücünü artıracaq. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, cəsarətli siyasətin nəticəsidir. Əminə Ağazadə Milli Məclisin dəputatı Geri dön |