Ana Sayfa > Özəl > İki tərbiyə mənbəyi var - ailə və müəllim

İki tərbiyə mənbəyi var - ailə və müəllim


Bu gün, 17:16. Yazar: sevinc1
İki tərbiyə mənbəyi var - ailə və müəllim

20 sentyabr tarixi Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfəri, Qarabağ Universitetinin açılışında iştirakı və çıxışı ilə əlamətdar oldu. Prezident İlham Əliyev bildirdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
“İki tərbiyə mənbəyi var - ailə və müəllim”, - söyləyən ölkə başçısı bildirdi ki, xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.Bu müharibədə  vətənpərvərlik ruhu xalqımızın zəfər simgəsinin mənəvi gücü idi. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. İnam heç vaxt qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.  Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olm amaq, heç kimin qarşısında baş əyməmək – bu, əsas hədəflərimizdir.Dövlət başçısı vurğuladı ki, cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər.
Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür. Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsək görərik ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi. Zəfər yolundakı hər addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız, güclü ordumuz ilə birlikdə nail olduq. Müstəqil, suveren Azərbaycan dövləti xalqımızın qoruyacağı qiymətli bir incidir.

Pərvanə Verdiyeva,
Gədəbəy şəhər 3 nömrəli məktəbin direktoru - fəal gənc
Geri dön