Ana Sayfa > Özəl > Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir
Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir24-09-2024, 16:50. Yazar: sevinc1 |
2024-cü ildə keçirilən növbədənkənar prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində əbədi olaraq yadda qalacaq. Çünki ilk dəfə idi ki, bu seçkilər ölkəmizin bütün ərazisində keçirildi. Bu, çox mühüm tarixi hadisədir. Bütövlükdə, İkinci Qarabağ müharibəsi, üç il sonra isə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri separatizmə birdəfəlik son qoydu və suverenliyimiz tam bərpa edildi. Bu, dünya miqyasında tarixi hadisədir. Prezident İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti, cəsarəti və qətiyyəti, yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya əyilməz ruhunu göstərdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, abadlıq və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin yurd həsrətinə birdəfəlik son qoydu. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra ölkəmizin beynəlxalq nüfuzu bir neçə dəfə artıb, mövqelərimiz möhkəmlənib. Yaxın vaxtlarda COP29-un Azərbaycanda keçirilməsi də bu uğurlardan xəbər verir. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi də bizim beynəlxalq nüfuzumuzu, getdikcə artan reytinqimizi göstərən vacib amildir. Bu uğurlar davam edəcək və bundan sonra da xarici siyasətdə geriyə heç bir addım atılmayacaq. Mayil Əliyev YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |