Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Qarabağ Universitetinin açılışı Azərbaycan reallıqlarının ən möhtəşəm təzahürlərindən biridir”
Adəm İsmayıl Bakuvi: “Qarabağ Universitetinin açılışı Azərbaycan reallıqlarının ən möhtəşəm təzahürlərindən biridir”21-09-2024, 15:22. Yazar: sevinc1 |
“Məlum olduğu kimi, 2024-cü il sentyabrın 19-da Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama görə hər il sentyabrın 20-i Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Diqqətəlayiq haldır ki, bu il ölkəmizdə Dövlət Suverenliyi Günü daha bir mühüm hadisə ilə əlamətdar oldu. Həmin gün cənab Prezident Xankəndidə Qarabağ Universitetinin açılışını etdi. Əlbəttə ki, ölkənin dövlət suverenliyinin birinci ildönümü günündə azad edilmiş ərazilərdə ilk ali təhsil müəssisəsinin fəaliyyətə başlaması həm mənəvi, həm də siyasi baxımdan müstəsna önəm daşıyan bir hadisədr. Təsadüfi deyil ki, dövlətimizin başçısı sentyabrın 20-də Universitetin müəllim və tələbə heyəti ilə keçirdiyi görüş zamanı etdiyi çıxışında bu ali təhsil müəssisəsinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirmişdir. Həqiqətən də Qarabağ Universiteti tarixi Zəfərimizin daha bir təntənəli təzahürü olmaqla bütün Azərbaycan xalqına möhtəşəm bir hədiyyədir. Qarabağın ali təhsil ənənələrinin bərpası bir daha bütün dünyaya açıq mətnlə göndərilən bir mesajdır ki, xalqımız bu bölgəyə, öz tarixi torpaqlarına artıq əbədi qayıdıb və bu ərazilərdə aparılan quruculuq işləri ictimai həyatın bütün sahələrinin dirçəldilməsinə dəqiq hesablanıb.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib. Müsahibimiz daha sonra qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim-tələbə heyəti ilə görüşü zamanı söylədiyi nitqində səsləndirdiyi fikirlərlə Azərbaycanın haqlı və prinsipial mövqelərinin sarsılmaz olduğunu bir daha vurğulamış oldu: “Şanlı Azərbaycan Ordusu 2020-ci ildə Vətən torpaqlarının 30 il davam edən işğalına son qoydu və keçən ilin sentyabr ayında ildırım sürətilə həyata keçirdiyi bir günlük antiterror tədbiri nəticəsində ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Lakin bu qələbələr yalnız döyüş meydanında əldə edilmiş olsaydı, onların təntənəsi belə möhtəşəm ola bilməzdi. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları bir tərəfdən, Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün erməni kartını oynayan məlum qüvvələr də digər tərəfdən Azərbaycanın haqq işiniə kölgə salmaq, beynəlxalq ictimaiyyətin nəzərində ölkəmizi demonizə etmək üçün bu gün də bütün vasitələrə əl atmaqda davam edirlər. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Çünki Azərbaycan cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi praqmatik xarici siyasət sayəsində öz qələbələrini hərbi sahə ilə paralel olaraq siyasi-diplomatik müstəvidə də təmin edib. Dövlət başçımızın dediyi kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində həm beynəlxalq hüququ, həm də öz milli qürurunu bərpa etdi və bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |