Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Qarabağ Universitetini Azərbaycan təhsilinin flaqmanları sırasında görəcəyik”
Novruzəli Aslanov: “Qarabağ Universitetini Azərbaycan təhsilinin flaqmanları sırasında görəcəyik”21-09-2024, 15:19. Yazar: sevinc1 |
“Qədim Azərbaycan şəhəri olan Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycanın öz suverenliyini tam və əbədi olaraq bərpa etməsinin daha bir nümayişi, zəfərimizin növbəti təntənəsidir. Bu gün Azərbaycan dövləti tərəfindən keçmiş məcburi köçkün vətəndaşlarımızın öz dədə-baba torpaqlarına geri dönmələri və bu ərazilərdə əbədi məskunlaşmaları məqsədilə Böyük Qayıdış proqramı uğurla icra olunur. Azad olunmuş şəhər və kəndlərimiz yenidən qurulur, burada rahat yaşamaq və yaratmaq üçün hər cür şərait yaradılır. Əlbəttə ki, bu bölgələrdə gənclərimizin ən yüksək səviyyədə təhsil almaları üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamın imzalanması olmuşdur. Qeyd edək ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. Filial 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. Lakin işğal dövründə bütün digər müəssisələr kimi, bu ali təhsil müəssisəsi də fəaliyyətini dayandırmışdı. Nəhayət 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri işğaldan azad edildikdən sonra burada ali təhsil ənənələrinin bərpa olunması ilə bağlı mühüm qərar qəbul edilmişdir.” Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Müsahibimiz daha sonra bildirib ki, Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirakı bu hadisənin önəmini bir daha vurğulamış oldu: “Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk ali təhsil müəssisəsi kimi Azərbaycanın ən yeni tarixində artıq öz layiqli yerini aldı. Bu sözsüz ki, son dərəcə önəmli bir hadisədir və cənab Prezident İlhm Əliyevin universitetin açılışında iştirak etməsi də bunu bir daha təsdiq edir. Qarabağ Universitetinin müəllim-tələbə heyətilə sentyabrın 20-də keçirdiyi görüşdə çıxış edən dövlət başçısı xüsusi olaraq vurğuladı ki, bu ali təhsil müəssisəsinin yaradılması tarixi hadisədir. Həqiqətən də Qarabağ Universiteti həm regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi, həm də tarixən mövcud olmuş təhsil ənənələrinin bərpası və inkişafı baxımından bölgədə müstəsna rol oynayacaq. Cənab Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Hamımız inanırıq ki, çox yaxın gələcəkdə biz Qarabağ Universitetini Azərbaycan təhsilinin flaqmanları sırasında görəcəyik” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |