Ana Sayfa > Özəl > 27 Sentyabr - qələbə salnaməsinin ilk günüdür
27 Sentyabr - qələbə salnaməsinin ilk günüdür19-09-2024, 19:00. Yazar: sevinc1 |
Hər il 27 sentyabr Azərbaycanda Anım Günü kimi yüksək səviyyədə qeyd olunur. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır! Müstəqil Azərbaycan dövləti öz tarixi qürurlu günlərini yaşayır. 2020-ci ilin 27 sentyabrında başlayaraq , cəmi 44 gün davam edən Vətən müharibəsi bizə bir xalq olaraq, ta qədimlərdən mövcud olan mənliyimizi , qürurumuzu , ləyaqətimizi , qeyrətimizi qaytardı . Təbii ki, həmişə olduğu kimi bu çətin günlərimizdə də qardaş Türkiyə bizi hərb meydanında tək buraxmadı, sonacan həmrəyliyini nümayiş etdirdi. Dünya ictimaiyyəti Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlanmasına qibtə hissi ilə yanaşır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı savaşımızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu. Bəli, 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycanordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi; Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu; Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi; Dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır. Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Ona görə ki, müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir. Amma rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmalıykən, - hansı ki, Azərbaycan bu döyüşlər zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirmişdi, - Azərbaycana qarşı diversiyalarını davam etdirdi; erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdi. Və 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Erməni vandalizmi nəticəsində mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edildi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoltuğundakı portfeldə real həll modeli daşınmadı; onların bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi. Dünyanın Ermənistana gücümü çatmadı? Gerçək bu deyildi, gerçək o idi ki, dünya dövlətləri sözdə haqlının, əməldə isə təcavüzkarın yanında dayanırdı.Daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan isə həm müharibədən sonra imzalanmış üçtərəfli bəyanata, həm Avropa İttifaqı səviyyəsində aparılan son danışıqların məzmununa xələl gətirəcək heç bir addım atmır. Çünki Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərini pozmağa çalışır. Fəqət, unudur ki, Azərbaycan “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atıb. Unudur ki, Azərbaycan işğaldan qurtardığı torpaqlarında cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini atıb. Bu təməli sərhəd təxribatları əsla sarsıda bilməz. Qürurvericidir ki, bu gün Müzəffər Ali Baş Komandanımız , Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanın bütün əzəli torpaqlarının qaytarılması və ərazi bütövlüyünün tam bərpa olunması uğurla, qətiyyətlə həyata keçirilir. Artıq işğaldan azad edilmiş ərazilərdə sürətlə abadlıq, quruculuq işləri aparılır. Şuşa , Laçın , Füzuli , Zəngilan və digər rayonlardan olan bir qrup köçkün ailələri öz ata-baba torpaqlarına köçürülüb. Qalan rayonlarda da bərpa ,quruculuq işləri yüksək sürətlə davam edir. Bu ilin sonuna kimi Cəbrayıl , Ağdam və Kəlbəcər rayonlarına da köç karvanlarının yola salınması nəzərdə tutulub. Bəli, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə özünün güclü inkişaf dövrünü yaşayır. Qarabağda həyat bərpa olunur və öz sakinlərinə qucaq açır. Həmin bölgənin bir sakini olaraq mən də bütün bu uğurları gördükcə sevinir və Ali Baş Komandanımızla , Ordumuzla , millətimizlə , öz dövlətimizlə qürur duyuram . Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |