Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan Ordusu bütün hallarda insani dəyərləri hər şeydən uca tutur”
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ordusu bütün hallarda insani dəyərləri hər şeydən uca tutur”10-09-2024, 14:49. Yazar: sevinc1 |
“2020-ci ilin 10 noyabr tarixində Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsilə başa çatdıqdan sonra ölkəmiz dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı birləşmələrinin mövcudluğunun davam etdirilməsi ilə regional sülh və sabitliyə yaranan ciddi təhlükə mənbəyini birdəfəlik ləğv etmək üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirlərinə başladı.” Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Həmçinin müsahibimiz qeyd edib ki, Azərbaycan Ordusu antiterror əməliyyatının gedişində heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirir: “Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin əsas və yeganə məqsədi Qarabağ bölgəsində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, bölgədə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi idi. Azərbaycan hər zaman olduğu kimi, bu antiterror tədbirlərinin gedişində də hər iki tərəfdən mülki şəxslərin təhlükəsizliklərinin təmin olunmasını ən vacib şərt kimi müəyyən edib. Bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdi. Eyni zamanda həmin müddətdə səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan tərəfindən tam təmin olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunurdular. Artıq əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bütün bu tədbirlər bir daha göstərdi ki, mülki əhalini və infrastrukturları hədəfə alan işğalçı erməni silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu bütün hallarda insani dəyərləri hər şeydən uca tutur – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |