Ana Sayfa > Manşet / Gündəm > Avtobus zolağına girənlər bu halda 100 manat

Avtobus zolağına girənlər bu halda 100 manat


9-09-2024, 12:27. Yazar: sevinc1
Avtobus zolağına girənlər bu halda 100 manat

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb. Bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub.

Avtobus zolaqlarına daxil olmaq isə müəyyən qaydalar çərçivəsində tənzimlənir.

Sürücülər hansı halda avtobus zolağına daxil olarsa onları cərimə gözləmir? Bəzi avtobus zolaqlarının girişində qoyulan nişanlara saatlar yazılıb, bəzilərində isə yox. Bu, hansı mənanı verir?

aia.az xəbər verir ki, məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirdi ki, bəzi hallarda sürücülər avtobus zolaqlarına daxil olarsa, onları cərimə gözləmir:

“Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.

Lakin istisnalar var:

1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.

2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.

Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır”.

İdarənin inspektoru əlavə etdi ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir:

“Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.

Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır”.

aia.az
Geri dön