Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan-İtaliya əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan-İtaliya əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir”


7-09-2024, 12:11. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycan-İtaliya əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 4-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri bir daha ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirildiyini göstərdi. Qeyd etmək lazımdır ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd 2020-ci ildə imzalanmışdır və bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir. Əlbəttə ki, Avropanın ən böyük iqtisadiyyata malik olan ölkələrindən olan İtaliya ilə əməkdaşlıq əlaqələrini genişləndirmək Azərbaycan üçün olduqca önəmlidir. Digər tərəfdən isə Avropa İttifaqının hazırda qarşılaşdığı böhran vəziyyətində Azərbaycanın da Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır. Xatırlatmaq yerinə düşər ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında İtaliyanın Azərbaycanla qurduğu əməkdaşlıq münasibətlərinin digər Avropa ölkələri üçün də əsl örnək ola biləcəyini dəfələrlə qeyd etmişdir.”

Bunu mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin İtaliyaya səfər çərçivəsində sentyabrın 6-da Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” mövzusunda keçirilən Beynəlxalq Forumun açılış sessiyasında etdiyi çıxışında mühüm açıqlamaların yer aldığını vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin 50-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təsdiqidir. Forumun açılış sessiyasında dövlət başçımızın “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda etdiyi çıxış böyük maraq doğurmuşdur. Bu çıxışda Azərbaycan-İtaliya əməkdaşlıq münasibətlərinin strateji istiqamətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycanın xarici siyasətində müəyyən edilmiş prioritetlər və bir sıra digər önəmli məsələlər barədə dolğun açıqlamalar, ətraflı təhlillər öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hazırda İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bu gün Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, əməkdaşlığın mühüm sahəsini təşkil edir. Aydındır ki, ölkəmizin mövcud olduğu Cənubi Qafqaz regionunda formalaşmış geosiyasi vəziyyət və bu vəziyyətin perspektivdə hansı istiqamətlərdə dəyişə biləcəyi ehtimalları Avropa İttifaqı üçün önəmli məsələlərdəndir. Avropa enerji resurslarının dayanıqlı idxalı üçün Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Azərbaycan Prezidentinin öz çıxışında səsləndirdiyi fikirlər Avropa ictimaiyyəti üçün çox vacibdir. Xüsusən də cənab Prezident İlham Əliyevin regionda vəziyyətin sülhə doğru inkişaf etdiyinə dair səsləndirdiyi fikirlər böyük önəm kəsb edir. Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı bildirdi ki, artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub. Bu, düzgün istiqamətdə atılmış addımdır və ümid var ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Geri dön