Ana Sayfa > Manşet / Siyasət / Özəl > Səttar Möhbalıyev: “Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri Ulu Öndər tərəfindən məhz 1991-1993-cü illərdə Naxçıvanda işlənib hazırlanıb”
Səttar Möhbalıyev: “Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri Ulu Öndər tərəfindən məhz 1991-1993-cü illərdə Naxçıvanda işlənib hazırlanıb”3-09-2024, 10:00. Yazar: sevinc1 |
“Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası, respublikamızın dünyanın siyasi xəritəsində vahid ölkə olaraq qalması və sürətli inkişaf yoluna qədəm qoyaraq müasir, güclü bir dövlət kimi formalaşmasıdır. Məlumdur ki, 1990-cı ildə Azərbaycanda olduqca mürəkkəb siyasi situasiya yaranmışdı. Sovet imperiyasının süqutunu yaxınlaşdıran amillər bütün keçmiş İttifaq respublikalarına sirayət edərək, müttəfiq ölkələrin ictimai-siyasi həyatına xaos gətirmiş və daha zəif idarə olunan respublikalarda bu vəziyyət ciddi problemlərin yaranmasına səbəb olmuşdu. Zəngin təbii resursları, xüsusən də tükənməz karbohidrogen ehtiyatları, eləcə də əlverişli coğrafi mövqeyi ilə hər zaman xarici qüvvələrin diqqətini cəlb edən Azərbaycanda isə yaranmış vəziyyət daha böhranlı halda idi. Ölkə daxilində gedən hakimiyyət uğrunda mübarizə vətəndaş müharibəsini başlatmaq üzrə idi. Buna paralel olaraq isə, Ermənistan davamlı olaraq torpaqlarımızın işğalını həyata keçirirdi. Aydındır ki, bütün bunlar həmin dövrdə ölkə rəhbərliyində duran qüvvələrin səriştəsizliyindən və yaranmış situasiyanı düzgün qiymətləndirmək, müvafiq tədbirlər görmək bacarığının olmamasından irəli gəlirdi. Digər tərəfdən də separatçı dairələr xarici qüvvələrin təhriki və dəstəyi ilə ölkəni bir neçə kiçik marionet dövlətə parçalamaq planlarını həyata keçirməyə çalışırdılar. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı çirkin siyasi oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Bütün bunlara görə də 1990-cı ildə Ümummilli Liderimizin möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, bütün əhali hədsiz sevgi, ümid və inamla qarşıladı. Artıq xəyanət yoluna qədəm qoymuş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər və onun ətrafında sıx birləşdilər.” Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib. Daha sonra deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa dövr ərzində təkcə Muxtar Respublika üçün deyil, bütün ölkə üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib: “Ulu Öndər öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Ümummilli Lider özünün siyasi fəaliyyətinin mühüm dövrlərindən biri olan 1990-1993-cü illər ərzində, Naxçıvanda təkcə nuxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən taleyüklü qərarlara imza atdı, müstəqil dövlətçiliyin konseptual istiqamətlərini müəyyənləşdirdi. Eyni zamanda bunu da birmənalı olaraq vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi oldu. Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük siyasi-mənəvi əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi. Ulu Öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri də məhz bu dövrdə işlənib hazırlandı. Beləliklə, Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına zəmin yaratdı” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb. Geri dön |