Ana Sayfa > Siyasət > Heydər Əliyev Naxçıvanda olmasaydı Naxçıvanın taleyi çox ağır olardı

Heydər Əliyev Naxçıvanda olmasaydı Naxçıvanın taleyi çox ağır olardı


31-08-2024, 09:34. Yazar: sevinc1
Heydər Əliyev Naxçıvanda olmasaydı Naxçıvanın taleyi çox ağır olardı

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində Naxçıvan ətraf aləmdən təkcə iqtisadi və sosial bağları qoparılmış bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Vətənin bir parçası idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra-1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası məhz Naxçıvanda qoyulmuşdur.

Görkəmli dövlət xadiminin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında-Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur.
1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə, isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Bu isə böyük gələcəkdən xəbər verən çox mühüm siyasi bir iş idi. Bu gün Azərbaycanın zəfərlərinin təməli məhz Naxçıvanda qoyulub desəm daha doğru olardı.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.


Geri dön