Ana Sayfa > Siyasət > Türk birliyi güclənir

Türk birliyi güclənir


29-08-2024, 17:05. Yazar: sevinc1
Türk birliyi güclənir

Tarixin bütün dövrlərində türk xalqlarının birliyi əsas prioritetlərdən olmuşdur. Bu birlikdən çəkinən, qorxan bir sıra digər ölkələr isə bu birliyin yaranmasına  hər zaman mane olmağa çalışmışlar. Eyni kökə, eyni dinə, eyni dilə, milli dəyərlərə, mədəniyyətə sahib olan türk dünyasının bir yumruq kimi birləşməsi olduqca zəruridir. O gün isə bu gündür.
Çox sevindirici haldır ki, bu birlik artıq baş verir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın bu birliyin, əməkdaşlığın möhkəmlənməsində özünəməxsus yeri var və demək olar ki, Azərbaycan məhz bu birliyin əsas qurucularındandır. 
Onu da qeyd edək ki, türkdilli ölkələrin başçıları ilk dəfə 2009-cu ildə Naxçıvanda Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıblar. İndi bu təşkilat Türk Dövlətləri Təşkilatı adlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində qeyd edib ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, coğrafi sərhədləri daha genişdir. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat  yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”.
Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb etməyə bilməz. Əlbəttə ki, dövlət başçımızın cari ilin 22 avqust tarixində Özbəkistana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Keçən il Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilmişdi. O cümlədən ölkələrimiz arasında imzalanan Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd də münasibətlərin yüksək səviyyəsinin göstəricisi idi. Bütün bunlarla yanaşı demək lazımdır ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri artıq ən yüksək mərhələyə keçid etdi.
23 avqust 2024-cü il tarixində iki ölkə arasında imzalanmış sənəd Azərbaycan və Özbəkistanın müttəfiq ölkələr səviyyəsinə keçidini təmin etməklə qlobal miqyasda böyük siyasi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyev Özbəkistana səfəri çərçivəsində avqustun 23-də mətbuata bəyanatla etdiyi çıxışında vurğuladı ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Bu da ondan irəli gəlir ki, hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Məhz elə ölkələrimiz arasında əməkdaşlığın səmərəliliyinin artırılması, münasibətlərin möhkəmləndirilməsi məqsədilə dövlət başçıları səfər çərçivəsində bir çox önəmli məsələləri müzakirə etmiş, mühüm sənədlərə imza atmışlar. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi və son dərəcə önəmli mahiyyət kəsb edir. Məsələ bundadır ki, həmin tarixi sənədi imzalamaqla Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bu məqamı xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, artıq ölkələrimiz rəsmən müttəfiqlər oldular və bu, həqiqətən də tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Bu müqavilənin imzalanması ilə iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu.
Bəxtiyar Mustafayev , YAP Mingəçevir şəhər təşkilatının sədri 
Geri dön