Ana Sayfa > Təhsil > BDU rektoru Elçin Babayev: “Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir”

BDU rektoru Elçin Babayev: “Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir”


27-08-2024, 16:51. Yazar: sevinc1
BDU rektoru Elçin Babayev: “Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir”

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak və çıxış edib.

aia.az xəbər verir ki, rektor bildirib ki, BDU-da ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturu daim təkmilləşdirilir və inkişaf etdirilir. BDU-da 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir: “Universitetdə ekoloji problemlərin mənfi təsirlərinin azaldılması və təbiətin bərpası üçün effektiv metodlar işləyib hazırlayan tədqiqatlar aparılır. Biz fənlərarası əməkdaşlıq vasitəsilə gələcək nəsillər üçün planetimizi qorumağa kömək edəcək davamlı təcrübələri və texnologiyaları təşviq etməyi hədəfləyirik. BDU Elmi Şurasının qərarı ilə Baş Prokurorluqla birgə ECOLEAD Klinikası yaradılıb. Hazırda BDU-da bakalavriatura səviyyəsində “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində “Ekologiya hüququ”, “Ətraf mühit kimyası”, “Ekoloji kimyəvi monitorinq”, “Ekoloji kimya”, “Ekoloji biologiya”, “Biomüxtəliflik və təbiətin mühafizəsi”, “Bioekologiya”, “Ətraf mühitin mühafizə metodları və bərpası” və s . ixtisaslaşmalar üzrə kadr hazırlığı həyata keçirilir. BDU tələbələri “yaşıl enerji”, “yaşıl texnologiyalar” sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər. 2024-cü il sentyabrın 5-8-də Türkiyə Respublikasının Antalya şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanmış BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət 2 komandasının “Irrigo” və “E-tarım sulama” layihələri də məhz ekoloji problemlərin intellektual həllinə həsr olunub”.
BDU rektoru qeyd edib ki, təbii səbəblərlə yanaşı, mərkəzində insan faktorunun dayandığı ekoloji cinayətlər, qeyri-qanuni fəaliyyətlə ətraf mühitin, o cümlədən yaşıllıqların qəsdən məhv edilməsi də respublikamız üçün ən ciddi təhlükələrdən biridir: “Ermənistanın uzunmüddətli və dağıdıcı təcavüzü nəticəsində regionumuzda ekoloji cinayətlərin nəticələri kəskin şəkildə hiss edilməkdədir. Bu illər ərzində qeyri-qanuni işğal və düşmənçilik hərəkətləri ətraf mühitə ciddi ziyan vurub. Bu, ekosistemimizə dərindən təsir etməkdə davam edir. Bugünkü elmi-praktiki konfransda biz təkcə ekoloji problemləri müzakirə etmirik, eyni zamanda təcili diqqət və birgə hərəkət etməyimizi tələb edən tədbirlər, o cümlədən akademik-elmi əsaslar, hüquqi aspektlər ətrafında müzakirələr aparırıq. Ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların operativ icrası mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemlərlə effektiv mübarizə aparmaq üçün biz hüquq-mühafizə orqanlarını, elmi araşdırmaları və ictimaiyyətin cəlb olunmasını birləşdirən vahid yanaşmanı qəbul etməliyik. Hökumət və qeyri-hökumət təşkilatları, özəl sektor və ictimaiyyət məlumat, resurslar və təcrübə mübadiləsi üçün birgə işləməlidir. Bu baxımdan ECOLEAD layihəsi ətraf mühitin mühafizəsi istiqamətində yeni əməkdaşlıq və mühüm öhdəlikdir. ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması və prokurorluq əməkdaşları, ekoloqların, BDU-nun elmi-pedaqoji heyətinin və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiya dayanır”.
Elçin Babayev diqqətə çatdırıb ki, BDU-da ECOLEAD Klinikasının yaradılması ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin etmək baxımından önəmlidir. Klinika birgə elmi-praktik araşdırmaları asanlaşdıracaq, tədqiqatçılara və praktikaya cəlb olunanlara ekoloji problemlərin həllində birgə işləməyə imkan verəcək: “BDU-da artıq formalaşmış güclü hüquq və ekologiya məktəblərinin mövcudluğu yeni yaradılacaq Klinikaya hüquq-mühafizə fəaliyyətlərində daha çox rast gəlinən problemləri təhlil etməklə ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunlarının tətbiqi effektivliyinin artırılmasına imkan verəcək. İlk növbədə ətraf mühitlə bağlı pozuntuları və onların təsirlərini müəyyən etmək üçün tədqiqat və təhlillərin aparılması, tələbələr, mütəxəssislər və ictimaiyyət arasında ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və davamlı təcrübələri təşviq etmək üçün təlim və təhsil proqramlarının təmin edilməsi, elmi sübutlara və qabaqcıl təcrübələrə əsaslanan ekoloji siyasət və qaydaların inkişafına nail olmaq, ətraf mühitə müdaxilələrin effektivliyini qiymətləndirmək və gələcək fəaliyyətləri məlumatlandırmaq üçün monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması, ekoloji problemlərin həllində bilik və təcrübəni bölüşmək üçün həm milli, həm də beynəlxalq səviyyədə digər qurumlarla əməkdaşlıq olduqca zəruridir. ECOLEAD Platforması bu istiqamətdə bir çox problemlərin həllinə nail olmağa imkan verəcək. Ekoloji problemlərin elm-təhsil-istehsalat əlaqələri çərçivəsində elmi və hüquqi həlli müəyyənləşəcək, tələbələr, gənc tədqiqatçılar, alim və peşəkar praktik hüquqşünaslar platformanın əsas iştirakçısına çevriləcəklər”.
Geri dön