Ana Sayfa > Özəl > Genişmiqyaslı quruculuq işləri

Genişmiqyaslı quruculuq işləri


27-08-2024, 14:57. Yazar: sevinc1
Genişmiqyaslı quruculuq işləri

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət və ordumuzun şanlı zəfəri erməniləri kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də qan tökülmədən Laçın şəhəri öz azadlığına qovuşdu.Bundan əvvəl noyabrın 9-u Laçın rayonu Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.2023-cü ilin avqustunun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olmuşdur. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun asas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülmüşdür. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda audiovisual mərkəz kimi fəaliyyət göstərəcəkdir.
Prezident cənab İlham Əliyevin son dörd ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır.

Arif Həsənov,
YAP Gədəbəy rayon təşkilatı Miskinli kənd ərazi partiya təşkilatının sədri



Geri dön