Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri bu ölkələrin dövlət başçılarının səyləri nəticəsində yaradılıb”

Novruzəli Aslanov: “Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri bu ölkələrin dövlət başçılarının səyləri nəticəsində yaradılıb”


24-08-2024, 15:33. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri bu ölkələrin dövlət başçılarının səyləri nəticəsində yaradılıb”

“Cənab Prezident İlham Əliyevin avqustun 22-23-də Özbəkistana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, həqiqətən də iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu baxımdan Şavkat Mirziyoyevin keçən il yenidən Özbəkistanın Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi xüsusi qeyd oluna bilər. Özbəkistan Prezidentinin bu addımı ali qonağın və Özbəkistan dövlətinin ölkəmizə və xalqımıza münasibətinin göstəricisidir. Təbii ki, bu münasibətlər həm Özbəkistan, həm də Azərbaycan xalqları tərəfindən təqdir olunur və alqışlanır. Çünki hər iki xalq dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli şəkildə görür. Bu məqamlar Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də Daşkənddə mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini tapmışdır.”

Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra müsahibimiz qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafı hər iki tərəfdən böyük potensiala əsaslanır və geniş perspektivlərə malikdir: “Azərbaycan və Özbəkistan Prezidentlərinin istər təkbətək formatda, istərsə də geniş tərkibdə keçirdikləri görüşlər zamanı müzakirə etdikləri məsələlər çoxvektorlu və əhatəli olmuşdur. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, keçmişdə razılığa gəlinənlərin hamısı yerinə yetirilib. Təbii ki, hər iki ölkənin ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Bunu öz çıxışında vurğulayan cənab Prezident İlham Əliyev bildirdi ki, bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, həqiqətən də çox mühüm siyasi hadisədir və gələcək illərdə həm ölkələrimiz arasında münasibətləri, həm də bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və bu regionlarda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Buna görə də Azərbaycan ilə Özbəkistanın müttəfiq olmaları ölkələrimizin ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilməlidir. Beləliklə, iki dost ölkə, Azərbaycan və Özbəkistan arasında əlaqələrin şaxələnməsi və genişlənməsi prosesi bundan sonra da bütün sahələrdə daha yüksək dinamika ilə davam edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön