Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Əziz Ələkbərli: “Qardaş Özbəkistanla imzalanan müqavilə yaxın vaxtlarda öz nəticəsini göstərəcəkdir”

Əziz Ələkbərli: “Qardaş Özbəkistanla imzalanan müqavilə yaxın vaxtlarda öz nəticəsini göstərəcəkdir”


24-08-2024, 10:21. Yazar: sevinc1
Əziz Ələkbərli: “Qardaş Özbəkistanla imzalanan müqavilə yaxın vaxtlarda öz nəticəsini göstərəcəkdir”

“Tarixən eyni kökə, eyni mədəniyyətə, dilə və dinə mənsub olan ölkələrimiz və xalqlarımız arasında daim sıx əlaqələr mövcud olmuşdur. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Özbəkistanda yaşayan 70 min nəfər azərbaycanlı bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu ölkənin ictimai həyatında fəal rol oynamışlar arasında görkəmli jurnalist, ictimai xadim Seyid Rza Əlizadə (1887-1945), şair Məqsud Şeyxzadə (1908-1967), rejissor Firudin Səfərov (1933), rəssam və heykəltaraş Eynulla Əliyev və digərləri var.
Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar.
Azərbaycan və Özbəkistan təkcə ikitərəfli əlaqələrlə deyil, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu əlaqələr çərçivəsində görüşlərin intensivləşməsi təbii ki, diqqət çəkir.
Son illər Azərbaycanın ətrafında meydana gələn siyasi-iqtisadi proseslərin mənzərəsi deməyə əsas ver ki, Mərkəzi Asiya ölkələrinin Bakı ilə siyasi, iqtisadi, elmi, təhsil, mədəni və idman sahələrində əməkdaşlığa marağı yüksələn xətt üzrə inkişaf edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri Əziz Ələkbərli deyib.

Müsahibimiz qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Mərkəzi Asiyanın bu qardaş ölkəsi ilə bütün sahələrdə inkişaf edən əlaqələrdən xəbər verir. 20 istiqamət üzrə imzalanan sənədlər, xüsusən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması çox mühüm bir tarixi hadisədir. Ölkəmizin başçısı cənab İlham Əliyev mətbuata Bəyanatında bu müqavilənin əhəmiyyətini belə xarakterizə etmişdir: “...Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.”
Əziz Ələkbərli müsahibəsinin sonunda bildirmişdir ki, “cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Mərkəzi Asiya və Cənubi Qafqaz, Xəzər vahid geosiyasi regiona çevrilir və bu da ilk növbədə Azərbaycan və Özbəkistanın mövqeyinə, qarşılıqlı əməkdaşlığına əsaslanır. Dünyanın bütün aparıcı dövlətləri, o cümlədən Mərkəzi Aşıya ölkələri ilə əməkdaşlığı inkişaf etdirən cənab İlham Əliyev qardaş türk dövlətlərinə xüsusi önəm verir. Bu ölkələrdən biri də Özbəkistandır və Mərkəzi Asiyada mühüm rola malikdir. Bu qardaş ölkə ilə münasibətlərin, imzalanan sənədlərin nəticəsi yaxın zamanlarda öz nəticəsini göstərəcəkdir.”




Geri dön