Ana Sayfa > Parlament > YAP-ın namizədləri qələbə əzmindədirlər

YAP-ın namizədləri qələbə əzmindədirlər


23-08-2024, 18:30. Yazar: sevinc1
YAP-ın namizədləri qələbə əzmindədirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğulayıb ki, Azərbaycanın uğurlu sabahı etibarlı əllərdədir: “Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı dövlətimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əsrlərə sığmayacaq nailiyyətlər əldə olunur. Bütün bunlar əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən və məqsədyönlü siyasətin nəticəsidir”.

Deputatlığa namizəd Səbinə Xasayeva çıxışında bildirib ki, məhz Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı dayandırılıb: “Azərbaycan dirçələrək inkişaf mərhələsinə qədəm qoydu. Bu gün də bu uzaqgörən siyasi kurs uğurla davam etdirilir”.

Çıxışının sonunda S.Xasayeva bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə seçicilərdən Aydın Əliyev, Anar Nağıyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin ictimai-siyasi sabitliyi, ərazi bütövlüyümüzün tam olması, tarixi qələbəmiz, bütün sahələrdə müşahidə olunan mühüm uğurlarımız onu deməyə əsas verir ki, Ulu Öndərin siyasəti yaşayır və yaşayacaq.

Sonda çıxış edən seçicilər qarşıdan gələn seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Geri dön