Ana Sayfa > Siyasət > Laçın sürətlə yenidən qurulur

Laçın sürətlə yenidən qurulur


21-08-2024, 19:28. Yazar: sevinc1
Laçın sürətlə yenidən qurulur

İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Lakin Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri hələ bir müddət Azərbaycanın nəzarətimizdə deyildi. Səbəb də bu idi ki, keçmiş Laçın dəhlizi bu ərazilərdən keçirdi. Buna görə də Azərbaycan qısa müddət ərzində yeni yol inşa etdi və öz torpaqlarına qayıtdı. 2023-cü ilin avqust ayının 26-da Laçın şəhəri günü münasibətilə keçirilən bayram tədbirində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan 44 gün ərzində ədalətli müharibə apardı. Rəsmi İrəvanın hərbi cinayətlərinə, işğal olunmuş torpaqlarda 30 il ərzində törətdiyi bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan öz qisasını yalnız döyüş meydanında aldı. Bu gün azad edilmiş ərazilərə gələn hər kəs öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün by qanunsuzluqlara son qoydu, tarixi ədaləti bərpa etdi.

Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi müntəzəm səfərlər həmin bölgələrdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərinin birbaşa dövlət başçısının ciddi nəzarəti altında həyata keçirildiyindən xəbər verir. Eyni zamanda da bu səfərlər artıq “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində öz dədə-baba yurdlarında məskunlaşan keçmiş məcburi köçkün vətəndaşlarımı ruhlandırır.

Müharibədən sonra keçən 4 ilə yaxın müddət ərzində ölkəmizə qarşı aparılan kampaniyalar, çirkin təbliğat bunu göstərir ki, Azərbaycanın tarixi Qələbəsini nə ermənilər, nə də onların havadarları hələ də həzm edə bilmirlər. Lakin bütün bunlar möhtərəm cənab Prezidentimizin və Azərbaycan xalqının iradəsinə heç bir təsir edə bilməz. Dövlət başçımızın dediyi kimi, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. 2023-cü ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulması da dövlətimizin və xalqımızın iradə və cəsarətinin bir təcəssümü oldu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası olmaqla müstəsna tarixi əhəmiyyət kəsb edir. Lakin Azərbaycan öz iradəsini təkcə döyüş meydanında deyil, həm də quruculuq işlərində nümayiş etdirir. O cümlədən Laçın şəhərinin qısa müddət ərzində yenidən qurulması xalqımızın həm istedadını, həm də iradəsini bütün dünyaya göstərir və bir daha sübut edir ki, bu torpaqların sahibləri məhz bizim xalqdır.

Əlbəttə ki, Azərbaycanın tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Həmçinin Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.

Geri dön