Ana Sayfa > Aia TV / Parlament > Daha parlaq gələcək naminə

Daha parlaq gələcək naminə


21-08-2024, 11:57. Yazar: sevinc1
Daha parlaq gələcək naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın rayonun Kiçik Qaramurad, Parakənd, Dəyirmandağ, Alnabat və Daryurd kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin partiyanın fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib. Bildirilib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Bu günə qədər əldə olunan uğurlar Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycanda sosial-iqtisadi islahatların ardıcıl olaraq həyata keçirilməsi dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Əldə edilmiş naliyyətlərlə yanaşı, qarşıda mühüm vəzifələr dayanır. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və firavan gələcəyə - ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə, həmçinin şəhid atası Azad Nağıyev, təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Rüfət İmamquliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, 1 sentyabr seçkiləri müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri kimi tarixə düşəcək. Natiqlər seçiciləri dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə dəvət ediblər.
Qeyd edək ki, deputatlığa namizəd həmin gün Kiçik Qaramurad, Parakənd, Dəyirmandağ, Alnabat və Daryurd kəndlərində seçicilərlə fərdi görüşlər də keçirib.
Geri dön