Ana Sayfa > Aia TV / Seçki 2024 > Parlaq gələcəyə doğru

Parlaq gələcəyə doğru


20-08-2024, 21:00. Yazar: sevinc1
Parlaq gələcəyə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri, qazi və müharibə iştirakçıları ilə işin təşkilinə xüsusi diqqət ayrılır. Qeyd olunub ki, tarixi Zəfərə görə biz müzəffər Ali Baş Komandan, şəhidlər və qazilər qarşısında borcluyuq. Bildirilib ki, Vətən müharibəsi iştirakçılarının problemlərinin həlli hazırda dövlət qurumlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev qeyd edib ki, güclü, qüdrətli, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir: “Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək”.

Nəsib Məhəməliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Şaban Daşdəmirov, Sarvan Şibliyev, şəhid anası Aynur Yüzbaşıyeva və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Sonda çıxış edən seçicilər fikir və təkliflərini səsləndiriblər, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Geri dön