Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi hər iki ölkənin və ümumilikdə region xalqlarının maraqlarına cavab verir”

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi hər iki ölkənin və ümumilikdə region xalqlarının maraqlarına cavab verir”


20-08-2024, 17:13. Yazar: sevinc1
Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi hər iki ölkənin və ümumilikdə region xalqlarının maraqlarına cavab verir”

“Məlumdur ki, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən biridir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin sayəsində ölkəmiz hazırda Rusiya ilə yüksək münasibətlərə malikdir. Ölkələrimiz arasında bir çox sahələrdə çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2022-ci ilin fevral ayında Moskvada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə ölkələrimiz arasında əlaqələrin yeni, daha yüksək səviyyəyə keçidini təmin etdi. Bu gün də Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Bu inkişafın bariz göstəricilərindən biri də iki ölkənin dövlət başçılarının mütəmadi görüşləridir. Bu baxımdan birmənalı olaraq deyə bilərik ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana etdiyi dövlət səfəri də xüsusi xarakter daşıyır. Bu səfər birbaşa dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Rusiya Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Prezidentlərin Birgə Bəyanatı ölkələrimiz arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri görüşlər zamanı müzakirə olunan məsələlər eyni zamanda həm ölkələrimizin, həm də bütün Cənubi Qafqaz xalqlarının maraqları baxımından mühüm əhəmiyyət kəsb edir: “Avqustun 19-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər. Qeyd olundu ki, bu gün bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələlərin geniş müzakirə edildiyini diqqətə çatdıran dövlət başçısı ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yarandığını bir daha vurğuladı. Bu şərait əlbəttə ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsilə bağlıdır və təbii ki, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması bir çox hallarda məhz Rusiya-Azərbaycan münasibətlərindən asılıdır. Bununla belə ölkələrimiz arasında münasibətlərin tarixi köklərə əsaslanması mədəni-humanitar əlaqələrin də əhəmiyyətini ön plana daşıyır. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev öz çıxışında ölkələrimiz arasında humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirildiyini vurğuladı. Bu gün Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var və onlarda 160 min şagird təhsil alır. Daha 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Diqqətəlayiq haldır ki, Rusiya Prezidenti Vladimir Putin də öz çıxışında Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunduğunu qeyd etdi və cənab Prezident İlham Əliyevə bu diqqətə görə minnətdarlığını bildirdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön