Ana Sayfa > Özəl > Azərbaycan güclü idman ölkəsi kimi öz mövqeyini getdikcə möhkəmləndirir
Azərbaycan güclü idman ölkəsi kimi öz mövqeyini getdikcə möhkəmləndirir20-08-2024, 16:45. Yazar: sevinc1 |
Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması belə deməyə ciddi əsas verir. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir. Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan güclü idman dövlətidir. Ölkəmizin Olimpiya Oyunlarındakı uğurları əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək Bayrağımızı ucaltdılar və bütün xalqımızı sevindirdilər. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev vurğuladı ki, idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Ölkə başçısı çıxışında Azərbaycanda idmanın bir çox növlərnini inkişaf etdiyini diqqətə çatdırdı. İdmançılarımız beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanmışlar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Belə ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov Geri dön |