Ana Sayfa > Manşet / Aia TV / Parlament > Azərbaycan dövləti tarix yazır

Azərbaycan dövləti tarix yazır


19-08-2024, 18:50. Yazar: sevinc1
Azərbaycan dövləti tarix yazır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun YAP Şirvan şəhər təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir: “YAP Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına dəyərli töhfələr verir. Azərbaycanda mövcud olan demokratik mühit, seçki təcrübəsi bütün dünyaya nümunədir.”

Deputatlığa namizəd Heydər Əsədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır: “Möhtəşəm nailiyyətlər və qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək. Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır”.

H.Əsədov qeyd edib ki, şəhid ailələri və qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və qazilərlə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Adəm Hüseynov, Aytac Əliyeva, şəhid anası Şəlalə Zülfüqarova, qazi Bayram Quliyev, Vətən müharibəsi iştirakçılarından Mirabbas Xuduzadə, Amil Babayev və görüş iştirakçısı Mirsahib Səmədov çıxış ediblər. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüş zamanı həmçinin seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmçinin deputatlığa namizəd Heydər Əsədov şəhid Ramil Əliyevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Geri dön