Ana Sayfa > Manşet / Aia TV > Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür

Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür


19-08-2024, 12:28. Yazar: sevinc1
Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür

Müsahibimiz 76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavanşir Paşazadənin yap.org.az-a müsahibəsini təqdim edirik:

- Cavanşir müəllim, seçkilər hər bir ölkənin demokratik inkişafında əhəmiyyətli rola malik olmaqla yanaşı, eyni zamanda, siyasi qüvvələrin malik olduğu imkanların təqdimatıdır. Ölkəmizdə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin önəmi və mövcud ictimai-siyasi reallıqlar barədə nə deyə bilərsiniz?

- 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə növbəti zəfərlərə yol açdı. Azərbaycan bu şanlı Qələbəsi ilə sübut etdi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasət davamlı uğurları şərtləndirir. Bu Zəfər Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni Nizamnamənin qəbulu, müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın işlənib hazırlanması və təsdiqlənməsi, struktur dəyişiklikləri kimi mühüm addımlar partiyanın tarixində yeni səhifənin əsası oldu. Yeni Proqramın əsas şüarı «Biz birlikdə güclüyük!» oldu. Müqayisəli təhlil aparsaq, Yeni Azərbaycan Partiyasının ilk Proqramında əsas çağırış «Yeni müstəqil Azərbaycan uğrunda!» idi. Həmin sənəddə əksini tapan vəzifələr, hədəflər ötən dövrdə uğurla icra edildi.

Bu zamana qədər partiyanın hər bir seçki prosesində platformasına diqqət yetirdikdə uğurlarımızın təqdimatı əsasında açıqlanan hədəflər sırasında torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının əsas yer tutduğunu görmək olar. Artıq 4 ilə yaxındır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azad edilmiş ərazilər cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Yeni Azərbaycan Partiyasının yeni Proqramında, həmçinin “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə təqdim edilmiş seçki platformasında da bütün bu uğurlar və hədəflər öz əksini tapıb. Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür.

Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr – növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. Qeyd etdiyimiz kimi, bu əminliyə əsas verən amillər mövcuddur. Partiyanın 32 ilə yaxın keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Partiyanın hər bir təşəbbüsü, qərarı Azərbaycanın bu günü və gələcəyi üçündür. Əbəs yerə Ümummilli Lider Heydər Əliyev bu partiyanı dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası kimi dəyərləndirməyib. Müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə 1992-ci il 21 noyabr tarixində təsis konfrasını keçirən partiyanın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi, sözsüz ki, adi bir statistik göstərici deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətə inamın təsdiqidir.

Partiyanın 2021-ci ildə keçirilən VII qurultayında Prezident İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarına əsaslanaraq belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu, cənab İlham Əliyevin partiyanın fəaliyyətinə verdiyi yüksək dəyər, eyni zamanda, qarşıya qoyulan böyük məsuliyyətdir.

YAP-ın 1 sentyabr - parlament seçkilərində qələbə qazanacağı şübhəsizdir. Populizmdən uzaq, sözü ilə əməli bir olan YAP-a inam və etimad gündən-günə artır.

- Yeni Azərbaycan Partiyasının seçki platformasında əksini tapan mühüm istiqamətlərdən biri də ölkəmizin demokratik inkişafıdır. Bu kontekstdə görülən işlər - əldə edilən uğurlar və qarşıda duran hədəflərlə əlaqədar nə söyləmək olar?

- Cənab İlham Əliyev çıxışlarında hər zaman bu məqamı vurğulayıb ki, demokratik inkişaf istiqamətində atılan addımlar hansısa beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Dünyada ikili stantartlara əsaslanan siyasət özünü qabarıq şəkildə büruzə versə də, ölkəmizdə demokratik təsisatların inkişafına yönələn addımlar beynəlxalq səviyyədə də təqdir edilir.

Azərbaycanda insan hüquqlarının qorunması prioritet məsələlərdəndir. Məlumdur ki, ötən illər ərzində Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə ümumxalq səsverməsi – referendum keçirilib. Bu dəyişikliklərin böyük bir qismi insan hüquqlarının qorunmasına yönəlib. Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə və dəyişikliklər də insan amilinin dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Belə ki, həmin əlavə və dəyişikliyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, yüksək rifah şəraitinin təmin edilməsidir. Bu məqamı da qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə 18 iyun - İnsan Hüquqları Günü kimi təsis edilib.

Azərbaycanda azad mətuatın inkişafına göstərilən diqqəti də xüsusi qeyd etmək lazımdır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Azad mətbuatın inkişafına xidmət edən mühüm addımlardan biri kimi yeni “Media haqqında” Qanunun qəbulunu qeyd edə bilərik.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu da demokratik inkişafa önəmli töhfədir. Ötən müddətdə siyasi partiyalar arasında sağlam dialoq mühiti yaradılıb. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da bu kontekstdə mühüm önəm kəsb edir. Dövlət başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında bu çağırışı etmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.

Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Heç şübhəsiz, siyasi sistemin inkişafı üçün bundan sonra da bütün lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulacaqdır.

Bir sözlə, görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür.

- Cavanşir müəllim, seçicilərlə görüşlərinizdən təəssüratlarınız necədir?

- Seçicilərlə görüşlər, ilk növbədə, hesabat xarakteri daşıyır. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının bu illər ərzində əldə etdiyi uğurlara nəzər salır, qarşıda duran hədəfləri diqqətə çatdırırıq. İctimaiyyəti maraqlandıran məsələlərə xüsusi diqqət yetirilir.

Səmimi ruhda keçirilən görüşlərdən yaranan qənaət budur ki, xalq öz Prezidentinə inanır, Yeni Azərbaycan Partiyasına dəstəyini ifadə edir və birlik, həmrəylik şəraitində yeni hədəflərə doğru inamlı addımlar atmaqda maraqlıdır.

Qarşıda duran hədəflərin reallığa çevrilməsi, təbii ki, seçicilərin yüksək fəallıq nümayiş etdirərək layiqli namizədlərə səs vermələrindən asılıdır. Seçicilərə çağırışım budur ki, birliyimizi, həmrəyliyimizi növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyimizlə nümayiş etdirək!
Geri dön