Ana Sayfa > Siyasət > Ölkəmizdə Olimpiya Hərəkatı sürətlə inkişaf edir
Ölkəmizdə Olimpiya Hərəkatı sürətlə inkişaf edir16-08-2024, 10:00. Yazar: sevinc1 |
Bu gün özünün beynəlxalq mövqelərini bütün sahələrdə getdikcə möhkəmləndirən müasir Azərbaycan həm də idmanın kütləviliyini təmin edən, bu sahədə peşəkar təşkilatçılıq ənənələrinə sahib olan ölkədir. Artıq uzun illərdir ki, Azərbaycan ən mötəbər idman yarışlarına ev sahibliyi edir, ölkəmizdə Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən idman siyasətinin nəticəsi kimi, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təqdirəlayiq haldır ki, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədilə bütün gərəkən tədbirləri həyata keçirirlər. Məhz həmin qurumlar arasında mövcud olan koordinasiyanın, birgə fəaliyyətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında öz əksini tapmışdır. Dövlətimizin başçısı olimpiyaçılarımızın nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək müqəddəs Bayrağımızı ucaltmış və bütün xalqı sevindirmişlər. Əlbəttə ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır. Buna görə də bütün ölkələr, hər bir idmançı oyunlara xüsusi olaraq hazırlaşır. Azərbaycanın istər ötən illərdə, istərsə də son Olimpiya Oyunlarındakı uğurları birmənalı olaraq göstərir ki, ölkəmiz güclü idman dövlətidir. Əlbəttə ki, Paris Olimpiya Oyunlarından danışarkən ilk növbədə qızıl medalçılarımız xüsusi qeyd olunmalıdırlar. Çünki məhz onlar Oyunların ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Paris Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı davamlı olaraq gedir. Son dərəcə diqqətəlayiq bir məqam da budur ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Bütün bunlara baxmayaraq, biz hamımız inanırıq ki, idmançılarımız gələcəkdə daha böyük uğurlara imza atacaqlar. Ən yaxın vaxtlarda artıq yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Dövlət başçımızın dediyi kimi, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq və ilk növbədə uşaq-yeniyetmə idmanına bundan sonra daha çox diqqət göstərməliyik. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |