Ana Sayfa > Parlament > Partiyamızın qələbəsinə inanırıq
Partiyamızın qələbəsinə inanırıq15-08-2024, 19:28. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın seçicilərlə görüşü keçirilib. aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. O, YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini vurğulayıb. Deputatlığa namizəd Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan bəhs edib. Hicran Hüseynova bildirib ki, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edib və ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb. Sonra çıxış edən təşviqat qrupunun üzvləri Mirzəağa Rəşidov, Şahin Şəfiyev və Elməddin Bəylərov Yeni Azərbaycan Partiyasının ölkəmizə qazandırdığı nailiyyətlərdən danışaraq seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar vurğulayıblar ki, YAP hər zaman xalqın mənafeyindən çıxış edən, Azərbaycanın dövlət müstəqilliyinin qorunması yolunda əzmlə çalışan aparıcı siyasi qüvvədir. Görüşdə iştirak edən seçicilər öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər. Onlar partiyanın xalq üçün gördüyü işlərin yüksək qiymətə layiq olduğunu bildiriblər. “Partiyamızın qələbəsinə inanırıq”, - deyə vurğulanıb. Hicran Hüseynova Vətən müharibəsi şəhidləri Vüsal Muradov və Kərim Əhmədəliyevin ailələrini ziyarət edib. Geri dön |