Ana Sayfa > Siyasət / Özəl > Olimpiya ölkəsi

Olimpiya ölkəsi


15-08-2024, 18:25. Yazar: sevinc1
Olimpiya ölkəsi

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib ki, “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.”
Olimpiya medalçılarının yüksək səviyyədə qəbul edilməsi, onların və məşqçilərinin mükafatlandırılması yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiq edir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu nəticələri, İKT üzvü olan 57 ölkə içərisində III yerdə olmağımız və dünyanın ən güclü 30 ölkəsinin arasında yer almağımız bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.
“Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.”
Prezident İlham Əliyev bildirib ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Bu inamın arxasında isə məhz Azərbaycan dövlətinin inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycan müstəqillik yolları ilə irəlilədiyi qısa müddət ərzində dünya idman tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazanıb və Olimpiya ölkəsinə çevrilib.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön