Ana Sayfa > Siyasət > Tranzit ölkə, etibarlı tərəfdaş

Tranzit ölkə, etibarlı tərəfdaş


13-08-2024, 16:38. Yazar: sevinc1
Tranzit ölkə, etibarlı tərəfdaş

Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr türk dünyasının birliyini daha da artırır.  Cənab İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə avqustun 9-da Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının  görüşündə fəxri qonaq qismində  iştirakı özündə mühüm məqamları ehtiva edir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bu məqamı da qeyd etdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda  ölkələr arasında əlaqələrin inkişafından bəhs edərkən enerji sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu baxımdan deyə bilərik ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir.  Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Həm Qazaxıstan, həm də Azərbaycan  regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti, eyni zamanda, hazırkı dövrün aktual məsələlərindən olan bərpaolunan enerjiyə yönəltdi. Bildirdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. O da qeyd edildi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Qardaş ölkələr zəngin təbii ehtiyatlara malik olmalarına  baxmayaraq,  nəqliyyat infrastrukturunun beynəlxalq standartlara tam uyğun olmasına  çalışdı və buna nail oldu. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara  daha çox ehtiyac var. Dövlət başçısı tədbirdə əlaqələrin inkişafında əsas faktorlardan biri olan nəqliyyat imkanlarımıza yönəltdi. Qeyd etdi ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Perspektivlər çox yaxşıdır. Əməkdaşlığın və qarşılıqlı fəaliyyətin, təmasların səviyyəsi kifayət qədər yüksəkdir. Qarşılıqlı səfərlərdən də göründüyü kimi, iki ölkənin əlaqələrinin inkişafı tarixə söykənir. Möhkəm təməl münasibətlərin inkişafında öz sözünü deyir. Bu gün bu birlik işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dəstəkdə də özünün aydın ifadəsini tapır. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirir. Azərbaycan və Qazaxıstanın ikitərəfli gündəliyi zəngindir. Bu, iki ölkə arasında səmimi dostluğun, qardaşlığın göstəricisidir. Bu birlik Türk Dövlətləri Təşkilatı daxilində də həmrəyliyi daha da gücləndirir.  Böyük bir ailə kimi dəyərləndirilən türk birliyi atılan və atılacaq addımların fonunda daha da möhkəmlənir, dünyaya həmrəylik, sülh, əmin-amanlıq, əməkdaşlıq çağırışlarını edir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Geri dön