Ana Sayfa > Seçki 2024 > Möhtəşəm uğurlardan yeni hədəflərə…

Möhtəşəm uğurlardan yeni hədəflərə…


13-08-2024, 12:21. Yazar: sevinc1
Möhtəşəm uğurlardan yeni hədəflərə…

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev parlament seçkilərində hər bir vətəndaşın iştirakının əhəmiyyətindən bəhs edib. O, xalqın etimadını qazanaraq siyasi sistemin aparıcı qüvvəsinə çevrilmiş YAP-ın növbəti dəfə inamlı qələbə qazanmaq iqtidarında olduğunu vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Nigar Məmmədova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atmaqdadır. Müxtəlif sahələrdə aparılan islahatların aparılması, Azərbaycanın müəllifi olduğu beynəlxalq əhəmiyyətli layihələrin uğurla reallaşdırılması ölkəmizi daha da gücləndirib.

Sosial, iqtisadi, siyasi və digər sahələrdə əldə olunan müsbət nəticələr diqqətə çatdırılaraq, qarşıda duran hədəflərə nəzər salınıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri - şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Teyyubə Hüseynova çıxış ediblər. Çıxışlarda tarixi Zəfərimizin əhəmiyyətindən danışılıb, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mühüm uğurlar qazanacağına əminlik ifadə olunub. Onlar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Nigar Məmmədova Güzdək qəsəbəsində də seçicilərlə görüşüb.
Geri dön