Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Qardaşlıq münasibətlərinin təzahürləri
Anar Nəbiyev: Qardaşlıq münasibətlərinin təzahürləri13-08-2024, 11:55. Yazar: sevinc1 |
Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Cənab İlham Əliyevin bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı bir daha türk dünyasının birliyinə işıq saldı. Ölkəmiz türk dünyasının birliyi istiqamətində davamlı addımları ilə diqqətdədir. Ölkəmizin bu istiqamətdə töhfələrindən biri Türk Şurasının (hazırda Türk Dövlətləri Təşkilatı) yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O vaxt Sazişi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Qeyd edək ki, tarixi Zəfərimiz türk dünyasının birliyi, həmrəyliyi məsələsini daha da aktuallaşdırdı. Dünya istər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə bu birliyin möhkəm təmələ, tarixi köklərə malik olduğunun şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirdi ki, Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar. Cari ilin martında Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı bunları açıqladı: “Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.” Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə vurğuladı ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ölkəmizin “Biz bilikdə güclüyük!” çağırışı bütün dövrlərdə türk dünyasının birliyinin vacibliyini özündə ehtiva edir. Hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlağının, müttəfiqliyinin fonunda digər dövlətlərə də belə birliyin yaradılmasına çağırışlar edilir. Azərbaycan türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcəyinə inamını ifadə edərək bildirir ki, biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |