Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivləri genişlənir”

Kamaləddin Qafarov: “Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivləri genişlənir”


13-08-2024, 12:00. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivləri  genişlənir”

“Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Avqustun 9-da Ölkə Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı bu inkişafa yeni dinamika verəcək”.

Bu sözləri yap.org-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov xatırlatmışdır ki, ötən il dövlətimizin başçısı Tacikistan Prezidentinin dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişdi. Prezident İlham Əliyevin Astana Sammitindəki çıxışın da qeyd olunduğu kimi, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Son iki ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etmişdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları da Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Ölkələrimizin otuz ildən artıq müddət ərzində müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyət göstərmələri, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir.”

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında əks olunan məqamlar Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin mahiyyətini detallı şəkildə əks etdirib: “Cənab Prezident Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region olduğunu bir daha diqqət mərkəzinə çəkdi. Bununla dövlət başçısı ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamış oldu. Qeyd olundu ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında olan qardaşlıq münasibətlərinin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Əlbəttə ki, müasir dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir və cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələni xüsusi vurğuladı. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti xüsusi qeyd olundu. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları da bu sahədə münasibətlərin inkişafının mühüm göstəricisidir.”

K.Qafarov Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın iqtisadiyyatında enerji sahəsi aparıcı rol oynayır. Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində atılmış ilk addımdır. Əlbəttə ki, Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Görülən tədbirlər sayəsində Orta Dəhlizin praktiki cəhətdən önəminin getdikcə artması bu sahədə mövcud perspektivləri daha da genişləndirir” .
Geri dön