Ana Sayfa > Siyasət > Əməkdaşlıq genişlənir

Əməkdaşlıq genişlənir


10-08-2024, 09:35. Yazar: sevinc1
Əməkdaşlıq genişlənir

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bu ölkələrlə münasibətlərin kifayət qədər inkişafında cənab Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Hakimiyyətinin ilk illərindən ardıcıl və qətiyyətli mövqe sərgiləyən ölkə başçısı bu ölkələrlə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasına nail ola bilmişdir. Cənab Prezident həmişə qeyd edib ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu mənada ölkələrimiz arasında sıx əlaqələrin qurulması bütün sahələrə ciddi şəkildə təsir göstərir.Eyni zamanda Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Cənab Prezident İlham Əliyevin ikinci dəfə Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə fəxri qonaq qismində dəvət olunması bu ölkələrdə dövlətimizin başçısının müdrik siyasətçi kimi tanınmasına dəlalət edir. Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etdərək çıxış etməsi, regionda baş verən hadisələrə qiymət verməsi və iqtisadi əlaqələrin bundan sonrakı istiqamətlərini göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizin başçısı bildirib ki, bu səfər onun son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Bu da ondan xəbər verir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə-xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Eyni zamanda dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Qeyd edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıqda ilk addımdır və təhlillər göstərir ki, bu əməkdaşlıəğın geniş perspektivləri mövcuddur. Orta Dəhlizin praktiki cəhətdən önəminin daha da artdığını qeyd edən cənab İlham Əliyev artırır nəqliyyat-tranzit sahəsində əməkdaşlığı yüksək qiymətləndirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılmasını, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işləri, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsini, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsini yüksək qiymətləndirən ölkə başçısı bundan sonra da əməkdaşlığın səmərəli yollarının tapılacağını bildirmiş, Bakıda keçiriləcək COP29 konfransında qardaş ölkə rəhbərlərinin iştirakını arzulamışdır.
Cənab Prezident İlham Əliyevin çıxışından göründüyü kimi, Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz Türk dünyasının inkişafında, dövlətlərarası münasibətlərdə kifayət qədər rola malikdir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri


Geri dön