Ana Sayfa > Manşet / İqtisadiyyat > Bakıda kirayə evlər

Bakıda kirayə evlər


7-08-2024, 10:24. Yazar: sevinc1
Bakıda kirayə evlər

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir. Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək.

aia.az xəbər verir ki, iqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”.

Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək".

Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, - deyə ekspert qeyd edib.

aia.az
Geri dön